Finlandiyada Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

22.02.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Azər-Türk Gənclər Təşkilatı və Azərbaycan Diaspor Gənclər şəbəkəsinin birgə təşkilatçılıgı ilə Finlandiyada Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn anım tədbiri keçirilib.
Fin dilində baş tutan tədbirdə Azər–Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova, tanınmış prodüser Aino Halonen, Finlandiya Maliyə Nazirliyinin Avropa Birliyi və bəynəlxalq münasibətlər üzrə keçmiş xüsusi müşaviri Nesrin Can, Xocalı sakini Durdanə Ağayeva, həkim Fərhad Safojifar və fin məktəblisi Mona Safojifar iştirak ediblər.
Anım tədbiri Xocalı şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin moderatoru Ü.Cabbarova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıçı alayın hərbçiləri ilə birlikdə Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımı törətmələri barədə ətraflı məlumat verib. Moderator Finlandiya hökumətinin və parlamentinin Serebrenitsa soyqırımının dünyada tanınmasında fəal rol oynadığını xatırladaraq, Xocalı soyqırımına da eyni yanaşma sərgiləməsinin vacib olduğunu bildirib.
Xocalı sakini D.Ağayeva tədbir iştirakçılarına 29 il öncə Xocalıda baş verənlərdən, 8 gün erməni əsirliyində qalmasından, erməni faşistlərinin insanlığa sığmayan cinayətlərinə şahid olmasından danışıb.
D.Ağayevanın çıxışı A.Haloneni çox təsirləndirib və fin prodüser göz yaşlarını saxlaya bilməyib. O, qeyd edib ki, Xocalı qırğını baş verəndə fin xalqı, faktiki olaraq, bu qanlı hadisədən xəbərsiz olub, çünki yerli mediada və ümumiyyətlə, ictimai müzakirələrdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılmayıb. 1990-cı illərin əvvəllərində müharibə qurbanlarına kömək etmək və Dağlıq Qarabağ müharibəsi haqqında məlumat yaymaq üçün Finlandiya–Azərbaycan Mədəniyyət Körpüsü adlı cəmiyyət qurduqlarını xatırladan prodüser sonrakı illər ərzində Qarabağ münaqişəsi barədə Qərbdə həyata keçirilən məlumatlandırma layihələrində iştirak etdiyini, hətta Şəkidə məskunlaşan məcburi köçkün uşaqlarının iştirakı ilə müharibə hisslərini və Vətən həsrətini əks etdirən sənədli film çəkdiyini bildirib.
Tədbir iştirakçıları N.Can, M.Safojifar və F.Safojifar çıxışlarında Xocalıda baş verənlərin dəhşətli cinayət olduğunu, Xocalıda baş verənlərə ədalətli hüquqi və siyasi qiymətin verilməsi üçün komissiyaların yaradılmasının vacibliyini vurğulayıblar. "Digər soyqırımlar kimi Xocalı soyqırımı da diqqətə və ədalətə ehtiyac duyur. Finlandiya vətəndaşı və fin olaraq səsimin eşidilməsini istəyirəm", - deyə M.Safojifar bildirib.