Kiyevdə azərbaycanlı alimin kitabları nəşr olunub

19.02.2021

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) maliyyə dəstəyi ilə Ukraynada yaşayan azərbaycanlı tarixçi və dilçi alim Fərhad Turanlının "Osmanlı türk yazılı mənbələrində Ukrayna tarixinin kazak dövrü" və "Biblioqrafiya göstəricisi" adlı kitabları nəşr olunub.
"Kyiv-Mohılyanska Akademiyası" nəşriyyatında çap olunan "Osmanlı türk yazılı mənbələrində Ukrayna tarixinin kazak dövrü" monoqrafik əsəri XVI əsrin ortalarından XVIII əsrin ikinci rübünə qədər dövrü əhatə edir. Kitaba Ukrayna Kazak Hetmanlığı dövrünə aid türk və Krım tatarlarının yazılı mənbələrindəki yeni, əhatəli və xüsusi informasiyalar daxil edilib, Türkiyə-Ukrayna münasibətlərinə yeni baxış və Azərbaycan tarixi ilə əlaqədar məlumatlar nəzərə çatdırılıb. Kitabın adı və qısa məzmunu Ukrayna, Azərbaycan, ingilis, türk, ərəb, Krım tatarcası, polyak və rus dillərinə də tərcümə edilib.
Fərhad Qardaşxan oğlu Turanlının 60 illiyi münasibətilə nəşr edilən "Biblioqrafiya göstəricisi" adlı kitabda isə yubilyarın həyatının və elmi-pedaqoji karyerasının əsas mərhələlərindən bəhs edilib, illüstrasiya materialları təqdim olunub. Bu nəşr humanitar elmlər, o cümlədən türkologiya və ərəbşünaslıqla maraqlananlar üçün faydalı ola bilər.
Qeyd edək ki, 1960-cı il dekabrın 26-da Azəbaycanın Sabirabad rayonunun Çiçəkli kəndində dünyaya gələn Fərhad Turanlı tarix elmləri doktoru, türkoloq və ukraynaşünasdır. 42 ildir Ukraynada yaşayan alim "Kyiv-Mohılyanska Akademiyası" Milli Universitetinin humanitar elmlər fakültəsinin professoru, Ukrayna Azərbaycanlıları Konqresinin təsisçilərindən biri, "Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının" rəhbəridir.