Təbrik edirik!

18.02.2021

Bu gün Azərbaycanın rəngkarlıq sənətinin görkəmli simalarından biri – Xalq rəssamı, UNESCO Rəssamlar Federasiyasının, Rusiya Rəssamlar İttifaqının və Almaniya Rəssamlar Birliyinin üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri" Əşrəf Heybətovun 70 yaşı tamam olur.

Hörmətli Əşrəf müəllim,
Sizi 70 illik yubileyiniz münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi adından səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı və yaradıcılıq uğurları arzu edirik.
40 ilə yaxındır ki, Vətəndən uzaqda – Almaniyada yaşayan həmvətənimiz Əşrəf Heybətovun bütün əsərlərində millətinə, kökünə bağlılıq, xalqına böyük sevgi özünü göstərir. Rəssam Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, adət-ənənəsini, tarixi şəxsiyyətlərini, zəngin və rəngarəng təbiətini, tükənməz sərvətlərini, xalqımızın başına gələn faciələri çox böyük ustalıqla, özünəməxsus formada tamaşaçıya təqdim edir. Əşrəf Heybətovun əsərlərində Azərbaycan xalqının böyüklüyü, sülhsevərliyi, vətənpərvərliyi əks olunur.
Azərbaycan incəsənətini ölməz əsərləri ilə zənginləşdirən rəssam ölkəmizlə Almaniya, eləcə də digər Avropa ölkələri arasında mədəni münasibətlərin formalaşmasına da mühüm töhfələr verib. Rəssam harada yaşamasından asılı olmayaraq daim Vətəni Azərbaycan haqqında düşündüyünü və bu əbədi sevgini öz əsərlərində təcəssüm etdirir.
Bir daha həmvətənimiz Əşrəf Heybətovu doğum günü münasibətilə təbrik edir, ölkəmizin tanıdılması və mədəniyyətimizin təbliği yolunda yeni-yeni nailiyyətlər arzulayırıq.