ABŞ-ın İllinoys ştatında Xocalı qətliamı ilə bağlı bəyannamə imzalanıb

18.02.2021

İllinoys ştatının Skoki şəhərinin meri Corc Van Dusenin imzaladığı bəyannamə ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və İllinoys ştatının Azərbaycan icmasına ünvanlanıb. Bəyannamədə bildirilir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədiblər və şəhəri tərk etməyə çalışan dinc sakinlər qırğına məruz qalıb. Ermənistan hərbçiləri Xocalıda 613 nəfəri, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı qətlə yetirib. Bir çox ekspertlər Xocalı faciəsini “Azərbaycan Srebrenitsası” adlandırır.
Sənəddə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələrinin qəbul olunması, Azərbaycanın ərazi bütövlüyünü BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ evin dəstəkləməsi də xüsusi qeyd olunub.
Bəyannamə Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun və İllinoys ştatında yaşayan Azərbaycan icmasının təşəbbüsü ilə əldə edilib.
Bununla da ABŞ-da Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində qəbul edilən bəyanatların sayı 4-ə çatıb. Xatırladaq ki, 12 fevral 2021-ci ildə ABŞ-ın Minnesota ştatının qubernatoru və Florida ştatının Aventura şəhərinin meri, 17 fevral 2021-ci il tarixində isə Men ştatının Portlənd şəhərinin meri tərəfindən də oxşar bəyanatlar qəbul edilib.