ABŞ-ın daha bir ştatında Xocalı soyqırımı barədə bəyanat qəbul edilib
ABŞ-ın Men ştatının Portlənd şəhərinin meri Ketlin M.Snayder 2021-ci il fevralın 26-nın Xocalı qətliamı qurbanlarının anım günü kimi qeyd olunmasına dair bəyanat imzalayıb.
Bəyanatda Xocalı soyqırımının 29-cu ili haqqında yazılıb, qətlə yetirilən azərbaycanlıların sayı qeyd olunub və faciənin insanlıq əleyhinə törədilmiş ən böyük qətliamlardan biri olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Xocalı qətliamı dünyada insanlıq əleyhinə yönəlmiş cinayətlərdən biridir.
Qeyd edək ki, bəyanatın imzalanması Men Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşəbbüsü ilə baş tutub.
Xatırladaq ki, 12 fevral 2021-ci il tarixində ABŞ-ın Minnesota ştatının qubernatoru və Florida ştatının Aventura şəhər meri də oxşar bəyanatlar qəbul ediblər. Men ştatında da belə bir bəyanatın qəbul edilməsi Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Amerika azərbaycanlılarının böyük uğuru kimi qiymətləndirilə bilər.