Gürcüstan mətbuatında Xocalı soyqırımından bəhs edilib

11.02.2021

Gürcüstanın “Sakartvelos Respublika” qəzetində Gürcüstan-Qafqaz Strateji Araşdırmalar İnstitutunun prorektoru, Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyasının prezidenti, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondu¬nun icraçı direktoru, professor Simon Kopadzenin müəllifliyi ilə “Xocalı soyqırımı – Əsrin faciəsi” sərlövhəli məqalə dərc edilib.
Məqalədə 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində genosid aktının həyata keçirildiyi qeyd edilib. XX əsrin sonunda baş vermiş faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilib.
Müəllif yazır ki, hər il bu müdhiş faciənin ildönümü Azərbaycanda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu, xüsusilə Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.
Müəllif Xocalı soyqırımının əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayandığını xüsusi qeyd edir. Bildirir ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Qeyd edək ki, professor Simon Kopadze Azərbaycan Respublikasının beynəl¬xalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə 26 dekabr 2020-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
http://dspace.nplg.gov.ge/bitstream/1234/328064/1/Saqartvelos_Respublika_2021_N28.pdf