Ukrayna radiosunda Beynəlxalq vokalçılar müsabiqəsindən bəhs edilib

10.02.2021

Ukraynanın "Kultura" radiosunun canlı efirində bu ölkədə keçirilən Müslüm Maqomayev adına Beynəlxalq vokalçılar müsabiqəsindən danışılıb.
Verilişdə müsabiqənin münsiflər heyətinin sədri, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Ukraynanın Xalq artisti Qurban Abbasov, Ukrayna Milli Opera Teatrının solisti, Ukraynanın Xalq artisti Aleksandr Dyaçenko, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədr müavini, müğənni və teleaparıcı Natalya Kudryaşova iştirak ediblər. Canlı yayıma internet vasitəsilə ictimai xadim, müsabiqə qaliblərinin ABŞ-dakı Karnegi-Hollda çıxışlarına prodüser dəstəyi göstərən İrina Samsonenko da qoşulub.
Onlar dahi Azərbaycan sənətkarının şərəfinə təşkil olunan müsabiqənin yaranma tarixindən, ötən il Truskavetsdə keçirilən musiqi yarışının nəticələri ilə bağlı ətraflı məlumat veriblər. Müsabiqənin Ukrayna Azərbaycanlıları Radasının, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Ukraynadakı səfirliyinin, SOCAR Dövlət Neft Şirkətinin və Truskavets şəhər Şurasının dəstəyi ilə təşkil olunduğu nəzərə çatdırılıb.