Türkiyədə Fond rəhbəri yüksək vəzifəyə təyin edilib

06.02.2021

Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilib.
Davamlı elmi yaradıcılıqla bərabər, diaspor işləri ilə də fəal şəkildə məşğul olan professor Aygün Attar 2019-cu ildə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, təşkilatçılığı ilə yenidən təsis edilən və nəzdindəki Azərbaycan Evinə maddi və təşkilati dəstək göstərilən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəridir.
Qeyd edək ki, 1962-ci ildə Qubadlı rayonunda anadan olan A.Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi olaraq həmvətənimizi təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik.