2020-ci ildə xaricdə dünyasını dəyişən 14 azərbaycanlının nəşi vətənə gətirilib
Müxtəlif səbəblərdən xarici ölkələrdə dünyasını dəyişən soydaşlarımızın nəşinin Azərbaycana gətirilməsinə Diasporla İş üzrə Dövlət Komitəsi hər zaman həssaslıqla yanaşıb.
İstər diaspor təşkilatlarından, istərsə də vəfat edən şəxslərin yaxınlarından nəşin vətənə gətirilməsi ilə bağlı Dövlət Komitəsinə daxil olan hər bir müraciət operativ şəkildə cavablandırılır.
2020-ci ildə Dövlət Komitəsi və müxtəlif ölkələrdəki diaspor təşkilatları xaricdə dünyasını dəyişən 14 azərbaycanlının nəşinin ölkəyə gətirilərək ailələrinə təhvil verilməsində yaxından iştirak edib. Amerika Birləşmiş Ştatları, Kuba, Polşa, Belçika, Fransa və Rusiyada vəfat edən soydaşlarımızın vətənə gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də bir çox diaspor təşkilatları mümkün dəstəyi göstərib və lazımi maliyyə vəsaitini ödəməyi də öz üzərinə götürüb.
Qeyd edək ki, cənazələrin ölkəyə gətirilməsi təkcə müəyyən vəsaitlərin ödənilməsi ilə bitmir, burada cənazələri gətirən şəxslərin də ölkəyə gəlişinin təşkil edilməsi, bununla bağlı müvafiq qurumlarla danışıqların aparılması və s. prosesin tərkib hissəsidir. Dövlət Komitəsi ötən il yaxınlarının nəşini Azərbaycana gətirən onlarla soydaşımızın da heç bir çətinliklə qarşılaşmadan tez bir zamanda Vətənə gəlməsi üçün lazım olan bütün addımları atıb.
Qeyd edək ki, xaricdə dünyasını dəyişən azərbaycanlıların ölüm səbəbləri intihar, qətlə yetirilmə, koronavirus infeksiyası, eləcə də bəzi digər xəstəliklər olub.