Fransada fəaliyyət göstərən “ALİM” elmi assosiasiyası vebinar təşkil edib

29.01.2021

Fransada fəaliyyət göstərən “Alim” elmi assosiasiyası “Fransada necə ali təhsil almaq olar?” mövzusunda vebinar təşkil edib.
Tədbirin məqsədi Fransada ali təhsil almaq istəyən azərbaycanlı tələbələri məlumatlandırmaq və düzgün istiqamətə yönləndirmək olub. Xaricdə ali məktəblərə müraciət üzrə ixtisaslaşan mütəxəssislərin də iştirak etdiyi vebinarda Fransada ali təhsilin istiqamətləri, təqaüdlü və təqaüdsüz təhsil proqramları, eləcə də inzibati məsələlərdən bəhs edilib.
Vebinarı giriş sözü ilə açan "Alim" elmi assosiasiyasının rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Günel Səfərova qurumun fəaliyyət istiqamətlərindən danışaraq şəhid və qazi övladları üçün ödənişsiz mentorluq xidmətləri göstəriləcəyini nəzərə çatdırıb.
Assosiasiyanın üzvləri müxtəlif ixtisaslar üzrə seçimlər barədə ətraflı məlumat veriblər və izləyicilərin suallarını cavablandırıblar.
Vebinar assosiasiyanın sosial şəbəkə səhifələri üzərindən canlı yayımlanıb.