İsrail mediasında 20 Yanvar faciəsindən bəhs edilib

28.01.2021

İsraildə nəşr olunan "Afula News" qəzetində 20 Yanvar hadisələrindən bəhs edən "Əbədi yaddaşlara həkk olan Yanvar" adlı məqalə dərc olunub.
"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın qələmə aldığı məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələrinin Bakıda törətdiyi qanlı qırğın zamanı həlak olanların arasında müxtəlif millətlərin nümayəndələrinin, o cümlədən yəhudilərin olduğuna da diqqət cəlb edilib. Buzovna təcili yardım xidmətinin həkimi Aleksandr Marxevkanın yaralıları xəstəxanaya daşıdığı, Yan Meyeroviçin tanışını hava limanından yola salarkən, ailənin yeganə övladı olan 16 yaşlı Vera Bisantinanın öz mənzilində olarkən sovet ordusunun əsgərləri tərəfindən güllələnərək qətlə yetirildikləri nəzərə çatdırılıb. Hazırda Marxevkanın, Bisantinanın və Meyeroviçin ailə üzvlərinin İsraildə yaşadıqları, indiyədək bu dərdi unuda bilmədikləri vurğulanıb.
Məqalədə "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin 20 yanvar faciəsi ilə əlaqədar təşkil etdiyi videokonfrans barədə də ətraflı məlumat verilib.