Azərbaycan dili məktəblərinin Kanadadakı fəaliyyəti müzakirə edilib

28.01.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşəbbüsü əsasında azərbaycanlı icmaların nümayəndələri ilə Kanadada fəaliyyət göstərən Azərbaycan dili həftəsonu məktəblərinin fəaliyyəti müzakirə edilib.
Virtual tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova bildirib ki, videogörüş milli-mədəni irsimizin qorunması və xaricdə yaşayan soydaşlarımızın assimilyasiyaya məruz qalmaması baxımından vacibdir. Qeyd edib ki, DİDK məsələnin önəmini nəzərə alaraq xaricdə yaşayan soydaşlarımızın tələblərinə uyğun gələn illüstrativ və müasir tərtibatlı "Azərbaycan dili" dərsliyinin nəşr olunması təmin edilib. Dərsliyin əlçatan olması məqsədilə kitabın elektron versiyası komitənin rəsmi internet səhifəsində yerləşdirilib.
Tədbirdə Torontodakı Azərbaycan dili sinfinin müəllimi Yeganə Cəfərova, "Qarabağ" Azərbayan dili məktəbinin həmtəsisçisi və baş təlimatçısı Vüsalə Əhmədova, Monreal Kanada–Azərbaycan Cəmiyyətinin rəhbəri Rəna Müslümova, "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova çıxış ediblər.
Onlar təmsil etdikləri məktəblərin fəaliyyəti və Kanadada müxtəlif xalqların öz dilini qoruyub saxlaması barədə ətraflı məlumat veriblər. Xaricdə Azərbaycan dilinin təbliği və tədrisi ilə məşğul olan həmvətənlərimizin səylərini yüksək qiymətləndiriblər. Bu tədris ocaqlarının azərbaycanlı uşaqların milli ruhda böyüməsi, tarixi Vətənlə bağlılıqlarının möhkəmləndirilməsi baxımından önəmini nəzərə çatdırıblar.
Tədbir iştirakçıları Monrealda Azərbaycan dili məktəbinin açılması, Azərbaycan dilinin müasir formada tədris olunması məqsədilə yeni dərsliklərin, iş dəftərlərinin və gənc pedaqoqların cəlb olunması təkliflərilə çıxış ediblər.
Görüşdə virtual müzakirələrin davam etdirilməsi qərara alınıb.