“Republic Underground” xəbər portalında soydaşımızın məqaləsi yayımlanıb
İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Mariya Xan-Xoyskaya Martinyolinin “Republic Underground” xəbər portalında “20 Yanvarı xatırlarkən” və “Xocalı əsilli Gəncə qəhrəmanı Şamil Kamil oğlu Məmmədli” sərlövhəli məqalələri yayımlanıb.
Müəllif Gəncədə yaşayan anasının xatirələrinə əsasən, Mixail Qorbaçovun SSRİ-nin rəhbəri olmasından sonra 20 Yanvar hadisələrinə gətirib çıxaran proseslərdən, sovet qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridildiyindən, Bakıda yaşayan tanışlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə böyük sarsıntı keçirməsindən yazıb. Həmin gecə hər yerdə tankların olduğu, sovet əsgərlərinin yaşayış binalarının pəncərələrini atəşə tutduqları, mənzillərdə hərəkət etməyin belə təhlükəli olduğu nəzərə çatdırılıb.
"Xocalı əsilli Gəncə qəhrəmanı Şamil Kamil oğlu Məmmədli" sərlövhəli məqalədə isə qeyd edilib ki, olduqca istedadlı olan bu gəncin ailəsi Xocalı soyqırımının qurbanı olmaqdan zorla canını qurtarıb və Gəncədə məskunlaşıb. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi zamanı könüllü döyüşə yollanan Ş.Məmmədli bu addımını torpaqlarımızın işğaldan azad edilməsi, hüquqlarımızın və ədalətin bərpa olunması uğrunda mübarizə kimi qiymətləndirib.
Məqalədə xalqımıza böhtan atan xarici siyasətçilərə və jurnalistlərə suallar da ünvanlanıb: "Məgər siz Xocalıdakı körpələrin, uşaqların, hamilə qadınların başına gətirilənləri görməmisinizmi? Gəncəyə atılan bombaları, günahsız insanların, uşaqların, körpələrin həlak olduğunu da görmədiniz? Bəs bizim hüquqlarımız, bizim ədalət mühakiməmiz, mənim ailəmin keçdiyi bütün hadisələr necə olsun? Əgər xristian kilsəsinin Qarabağdakı məscidlərin gününə salındığını görsəydiniz necə reaksiya verərdiniz? Gözlərinizi yumun və bir anlıq təsəvvür edib ki, hansısa ölkə sizin yaşadığınız şəhərə raket atır, uşaqlarınızı evinizdə öldürür. Buna dözərdinizmi?".
Məqalələrlə aşağıdakı linklərdə tanış olmaq mümkündür:
https://republic-underground.com/remembering-black-january-with-mariya-khan-khoyskaya-martignoli/