"Qarabağ" məktəbinin yeni ildə ilk dərsi 20 Yanvar faciəsinə həsr olunub
Fransanın Nant şəhərində fəaliyyət göstərən "Qarabağ" Azərbaycan məktəbinin, qış tətilindən sonra, 2021-ci ildə keçirilən ilk dərsi 20 Yanvar faciəsinə həsr olunub.
Azərbaycan dili müəllimi Aynurə Hacıyeva uşaqlara 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet qoşun hissələrinin Bakıya yeridildiyi, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizəyə qalxan xalqımızın oğul və qızlarına qarşı hərbi cinayət törədildiyi, 20 Yanvar şəhidləri arasında məktəblilərin də olduğu barədə ətraflı məlumat verib.
Məktəb şagirdləri 20 Yanvar faciəsinə həsr edilmiş "Qanlı gecə", "20 Yanvar", "Şəhidlər", "Ağla Qərənfil ağla" şeirlərini söyləyiblər. Musiqi dərsində isə şagirdlər "Şəhidlər" simfoniyasını öyrəniblər.
Qeyd edək ki, azərbaycanlıların kompakt yaşadığı Nant şəhərində “Qarabağ” məktəbi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən 2019-cu ilin aprel ayında yaradılıb.