İstanbul, Kayseri, Elazığ və Giresun şəhərlərində 20 Yanvar şəhidləri anılıb

25.01.2021

Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə İstanbul, Kayseri, Elazığ və Giresun şəhərlərində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbirləri təşkil edilib.
İstanbul Türkiyə–Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Müstəqilliyə gedən yol – 20 Yanvar” adlı onlayn formatlı konfrans keçirilib.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu və yazıçı, İSTAD-ın sədr müavini Mətin Yıldırım çıxış ediblər.
20 Yanvarı Azərbaycanın milli qəhrəmanlıq günü adlandıran natiqlər bu tarixin xalqımızın yaddaşına əbədi yazıldığını, 70 il davam edən sovet rejiminin Azərbaycan xalqının müstəqillik ruhunu yox edə bilmədiyi və 20 Yanvar hadisəsinin bunun ən böyük sübutu olduğu vurğulanıb.
Konfransda Azərbaycanın və Türkiyənin milli liderləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün “Bir millət, iki dövlət”, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamları səsləndirilib, 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib.
Kayseri Azərbaycanlı Tələbələr Birliyi, Elazığdakı Azərbaycan Gənclər Mədəniyyət və Tələbələr Birliyinin, "Giresun Azərbaycanlıları Dərnəyi"nin təşkil etdikləri tədbirlərdə Türk Dünyasını təmsil edən tələbələr, bu şəhərlərdə yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edərək dualar oxuyublar.
Tədbirlərdə Kayseri Azərbaycanlı Tələbələr Birliyinin və Türk Dünyası Tələbələr Birliyinin sədri Əlixan Məhərrəmli, Türk İslam Araşdırmaları Mərkəzinin sədri Dr. Telman Nüsrətoğlu, Azərbaycanlı Tələbə Gənclər Birliyinin sədri Nail Babayev, "Giresun Azərbaycanlıları Dərnəyi"nin sədri Elgün Məmmədov çıxış ediblər.
Çıxışlar zamanı 31 il öncə SSRİ rəhbərliyinin Qarabağ məsələsində riyakar siyasətinə etiraz edən, ədalət, müstəqillik və azadlıq dəyərlərinə əməl olunmasını tələb edən xalqımıza qarşı Bakıda və Azərbaycanın bir sıra rayonlarında misli görünməmiş qəddarlıqla qətliam törədildiyi bildirilib. Bununla belə, 1991-ci ilin oktyabrında dövlət müstəqilliyinin bərqərar olunması və 44 günlük Vətən müharibəsində Qələbə qazanılması ilə şəhidlərimizin qanlarının yerdə qalmadığı nəzərə çatdırılıb.