Türkiyədə 20 Yanvara həsr olunmuş videokonfrans keçirilib

25.01.2021

Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə "Sovetlər dövründə ilk milli-azadlıq hərəkatı: Azərbaycandakı 20 Yanvar hadisələri" mövzusunda videokonfrans keçirilib.
Fondun rəhbəri, professor Aygün Əttarın moderatorluğu ilə gerçəkləşdirilən videokonfransda ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Prezident Administrasiyası Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü, doktor İsmayıl Safi, İstanbul Universitetinin prorektoru, professor İlyas Topsakal çıxış ediblər.
Tədbir zamanı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi ağır hərbi cinayətin motivləri və hazırda regionda baş verən proseslər arasında paralellər aparılıb. Ölkəmizdə başlanan milli-azadlıq hərəkatının sovet imperiyasının sütunlarını laxlatdığı, 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyevin SSRİ rəhbərliyinin törətdiyi dəhşətli cinayətə sərt etiraz etdiyi və xalqımızın haqq səsini dünyaya çatdırdığı nəzərə çatdırılıb.
Eyni zamanda Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsinin nəticələri barədə geniş fikir mübadiləsi aparılıb. Bu qələbədə Azərbaycan-Türkiyə qardaşlığının və qətiyyətli siyasətin böyük rol oynadığı, Azərbaycanın regionda yeni geopolitik inkişaf mərhələsinin əsasını qoyduğu vurğulanıb, hazırda davam edən nizamlama prosesinin bölgədə sülhü və inkişafı təmin edəcəyinə əminlik ifadə olunub.
Vodeokonfrans Youtube kanalı vasitəsilə birbaşa yayımlanıb:
https://www.youtube.com/watch?v=85MrCWE83bw