Rusiyanın müxtəlif şəhərlərində anım tədbirləri keçirilib
Rusiya Federasiyasında fəaliyyət göstərən azərbaycanlı icmaların təşəbbüsü ilə Vladiqafqaz, Novorossiysk, Pyatiqorsk, Kislovodsk və Mahaçqala şəhərlərində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçiriblər.
Şimali Osetiya Respublikası "Azərbaycanlılar Konqresi", Krasnodar diyarının Novorossiysk şəhərindəki "Təbriz" Azərbaycan Milli-Muxtariyyət Birliyi, Pyatiqorsk və Kislovodskdakı "Araz" Azərbaycan Milli-Muxtariyyəti, Mahaçqala azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkil etdikləri tədbirlər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Anım mərasimlərində "Azərbaycanlılar Konqresi"nin fəxri prezidenti Şahin Məmmədov və sədri Murtuza Gülməmmədov, "Təbriz" Azərbaycan Milli-Muxtariyyət Birliyinin sədri Cəlal Abdullayev, Pyatiqorsk və Kislovodskdakı "Araz" Azərbaycan Milli-Muxtariyyətinin sədrləri Təhmasib Zeynalov və Asif Musayev, Mahaçqala azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov və diaspor fəalları çıxış ediblər.
Soydaşlarımız 20 Yanvar hadisələrinin tarixi barədə danışaraq, 31 il öncə SSRİ dövlətinin hərb maşınının Bakıda və Azərbaycanın digər rayonlarında törətdiyi terroru insanlığa qarşı ən agır cinayətlərdən biri adlandırıblar. Həmin günlərdə Moskvada yaşayan azərbaycanlıların etiraz yürüşü keçirdiyi, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində SSRİ rəhbərliyini sərt şəkildə ittiham etdiyi, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Milli Məclisdə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verildiyi yada salınıb.
Bu faciəli hadisənin xalqımızın iradəsini sındıra bilmədiyi, qısa müddətdən sonra dövlət müstəqilliyini bərqərar etdiyi, 44 günlük Vətən müharibəsi zamanı isə böyük Qələbə qazanmaqla ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu vurğulanıb.
Anım tədbirlərində 20 Yanvar faciəsindən bəhs edən videoçarxlar nümayiş olunub və şəhidlərimizin ruhuna dualar oxunub.