Türkiyədə 20 Yanvar faciəsi videoçarx və məqalə ilə təqdim edilib
Türkiyənin İstanbul Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Birliyinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videoçarx hazırlanıb.
Xaricdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə ərsəyə gələn videoçarxın çəkilişi dünyanın 10 ölkəsində həyata keçirilib.
Gənclərimiz 20 Yanvar hadisəsi ilə bağlı ətraflı məlumat verərək, həmin günün tarixə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə günü kimi düşdüyünü bildiriblər.
Bu ölkənin "Yeşil İğdır" qəzetində isə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş "20 Yanvar Bakı qətliamı" sərlövhəli məqalə dərc olunub.
Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) İğdır şöbəsinin sədri İlteriş Kaqan Taşkinsunun qələmə aldığı məqalədə bildirilib ki, faciənin baş verməsindən sonra Türkiyənin müxtəlif şəhərlərində Azərbaycanı dəstəkləyən izdihamlı mitinqlər keçirilib. Bunlardan biri 1990-cı il yanvarın 25-də İğdırda təşkil edilib və həmin mitinqə bölgədəki şəhərlərdən on minlərlə insan qatılıb.
Qeyd edilib ki, 20 Yanvar hadisəsi Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlığın və müstəqilliyin rəmzi kimi yazılıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: https://yesiligdir.com/haber/detay/27787