Qahirə şəhərində 20 Yanvar hadisələrinə həsr olunmuş videokonfrans keçirilib

23.01.2021

"Vətənpərvər" Diaspor Təşkilatları Birliyinin və Azərbaycanın Misirdəki səfirliyinin təşkilatçılığı ilə Qahirə şəhərində 20 Yanvar hadisələrinin 31-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.
Tədbir iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı Emil Rəhimli, "Vətənpərvər" Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov, sədr müavini Sədaqət Səmədova və digərləri çıxış ediblər. Qanlı Yanvar hadisələri haqqında fikirlərini və xatirələrini bölüşən natiqlər xatırladıblar ki, həmin ağır günlərdə ümummilli lider Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu dəhşətli cinayəti qətiyyətlə pisləməsi, onu törədənlərin və təşkilatçıların cəzalandırılmasını tələb etməsi faciəyə verilən ilk siyasi qiymət olub.
20 Yanvar faciəsinin xalqımızın iradəsini sındıra bilmədiyi, 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyini elan etməsi ilə nəticələndiyi, bu hadisələrin 31-ci ildönümünün isə əlamətdar dövrdə – Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti nəticəsində ordumuzun torpaqlarımızı düşmən tapdağından azad etməsi şəraitində qeyd edildiyi, şanlı Qələbəmizin şəhidlərin müqəddəs ruhu qarşısında ən böyük xidmət olduğu vurğulanıb.
Misirdəki diplomatlarımız və soydaşlarımızın son illər xalqımızın haqq səsinin ərəb ictimaiyyətinə çatdırılması, xüsusən 44 günlük Vətən müharibəsində yerli mətbuatda erməni təxribatlarının qarşısının alınması və düşmənin yalan təbliğatının ifşası üzrə geniş fəaliyyət göstərdiyi nəzərə çatdırılıb.