Perm Milli Araşdırma Politexnik Universitetində anım tədbiri keçirilib
Rusiya Federasiyasında fəaliyyət göstərən "Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti" İctimai Təşkilatının təşəbbüsü ilə Perm şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anlm tədbiri təşkil edilib.
Perm Milli Araşdırma Politexnik Universitetində baş tutan tədbirdə müəllimlər, azərbaycanlı və rus tələbələr iştirak ediblər.
Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.
Sonra "Perm Azərbaycan Milli-Mədəni Muxtariyyəti" İctimai Təşkilatının sədri Çingiz İsayev çıxış edərək bildirib ki, artıq 31 ildir xalqımız öz qəhrəmanlarının milli hüzn gününü qeyd edir və yanvarın 20-də Azərbaycanın bütün şəhərlər, rayonlar və kəndlərində dövlət bayraqları endirilir. Qeyd edib ki, bu qanlı hadisələr xalqımızın iradəsini və əzmkarlığını sındıra bilmədi. "Biz bütün çətinliklərə sinə gərdik, indi Azərbaycan müstəqil və azad ölkə kimi uğurla inkişaf edir. Hər bir azərbaycanlı Vətənimizin müstəqilliyi uğrunda öz canını fəda edən qəhrəmanlarımıza borcludur".