Niderland parlamentindən 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsi tələb olunur
Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurası 20 Yanvar faciəsinə beynəlxalq hüquqi qiymətin verilməsi ilə bağlı Niderland parlamentinin deputatlarına müraciət ediblər.
Müraciətdə 1990-cı il 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet qoşun hissələrinin xalqımıza qarşı misli görünməmiş terror aktı törətdiyi, bu zaman Azərbaycanın suverenlik hüququnun və beynəlxalq konvensiyaların pozulduğu niderlandlı deputatların diqqətinə çatdırılıb. SSRİ rəhbərliyinin xalqımızın demokratik və milli-azadlıq hərəkatını boğmaq məqsədilə sovet qoşun hissələrini Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeritdiyi, hadisələr zamanı 146 nəfərin həlak olduğu, 744 nəfərin yaralandığı, 841 nəfərin qeyri-qanuni olaraq saxlanıldığı, 100 nəfərin itkin düşdüyü və s. faktlar yada salınıb.
Soydaşlarımız bildiriblər ki, qanlı hadisələrdən 31 il keçməsinə baxmayaraq, keçmiş sovet liderləri, o cümlədən bu əmri verən Mixail Qorbaçov indiyədək məsuliyyətə cəlb olunmayıblar və 20 Yanvar faciəsi beynəlxalq hüquqa uyğun olaraq qiymətini almayıb.
"Niderlandın 30 minlik azərbaycanlı icması adından sizə müraciət edirik. Biz bu qanlı cinayətə hüquqi qiymətin verilməsini, onun törədilməsinə məsuliyyət daşıyanların və icra edənlərin həbs olunmasını, məhkəmə tərəfindən cəzalandırılmasını istəyirik", - deyə müraciət müəllifləri vurğulayıblar.