Kişinyovda 20 Yanvar şəhidləri yad edilib

23.01.2021

Moldovanın paytaxtı Kişinyov şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
"Courtyard by Marriott" mehmanxanasında baş tutan tədbir Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı və Moldova Azərbaycanlıları Konqresinin (MAK) dəstəyi ilə gerçəkləşdirilib. Tədbirdə MAK sdrinin müavini Ramiz Ənsərov, Moldova parlamentinin vitse-spikeri Mixail Popşoy, "Hərəkət və Həmrəylik" Partiyasının sədri, deputat İqor Qrosu, Qaqauz diasporunun sədri Nikolay Terzi, Türkiyə səfirliyinin nümayəndəsi Əhməd Zəfər, Ukrayna səfirliyinin müşaviri Sergey Qumenyuk, Moldova Xarici işlər nazirliyinin referenti Vasili Popoviç, Dağ yəhudiləri icmasının təmsilçisi Roman Aronov, Yəhudi icmasının sədr müavini Şabatay Xanukayev və başqaları iştirak ediblər.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasimdə çıxış edən R.Ənsərov 20 Yanvar faciəsinə gətirib çıxaran proseslər barədə ətraflı məlimat verib, yalnız ədalət və azadlıq tələblərinə görə yüzlərlə dinc Bakı sakininin sovet qoşun hissələri tərəfindən amansızcasına qətlə yetirildiyini və yaralandığını nəzərə çatdırıb. 1990-cı il yanvarın 21-də görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyini xalqımıza qarşı cinayət törətməkdə ittiham etdiyi, ümummilli liderin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin bu hadisələrə siyasi-hüquqi qiymət verdiyi nəzərə çatdırılıb.
Bildirilib ki, 31 il keçməsinə baxmayaraq Azərbaycan xalqı həmin dəhşətli gecəni hələ də unutmayıb və hər il amansızcasına qətlə yetirilən Bakı sakinlərini Şəhidlər Xiyabanındakı məzarlarını böyük hüznlə yad edir.
Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş film nümayiş olunub.