Minsk şəhərində anım mərasimi təşkil edilib
Belarusda fəaliyyət göstərən Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə Minsk şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Maksim Tank adına Universitetin nəzdindəki Azərbaycan dili və mədəniyyəti mərkəzində baş tutan tədbirdə azərbaycanlı və belarus tələbələr iştirak ediblər. Anım tədbiri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Belorusdakı Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycan dili və mədəniyyəti mərkəzinin rəhbəri Şəfiqə Məmmədova çıxış ediblər. 31 il öncə Bakıda baş verənləri insanlığa zidd cinayət adlandıran çıxışçılar bu hadisənin Azərbaycanın müasir tarixinə həkk olunduğunu bildiriblər.
Qara Yanvar faciəsi xalqımızın Qarabağ və müstəqillik uğrunda mübarizəsinin qarşısını ala bilmədi. Xalqımız 1991-ci ilin oktyabrında dövlət müstəqilliyinə, 2020-ci ilin noyabrında isə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail oldu.
Sonra gənclər şöbəsinin rəhbəri Olesya Kosoykina 20 Yanvar şəhidləri Fərizə və İlhamın hekayəsini danışıb. Müxtəlif ali məktəblərin tələbələri 20 Yanvar hadisələrinə və şəhidlərə ithaf olunmuş şeirlər səsləndiriblər.