Marneulidə "20 Yanvar – Azadlığın qanlı yolu" adlı tədbir keçirilib
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçlığı ilə Marneulidə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş "20 Yanvar – Azadlığın qanlı yolu" adlı anım tədbiri keçirilib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Quran ayələri oxunub.
Pandemiya səbəbindən məhdud sayda iştirakçının qatıldığı tədbirdə GAİM-in müəllim-şagird heyəti ilə yanaşı, Bolnisi, Qardabani və Rustavidən gəlmiş qonaqlar iştirak ediblər. Çıxış edənlər 20 Yanvar və 9 Aprel tarixlərinin Azərbaycanın və Gürcüstanın müstəqilliyi yolunda ağır faciələrlə müşayiət olunan ən şərəfli gün olduğunu, Qanlı Yanvar hadisələri zamanı gürcüstanlı azərbaycanlıların da şəhidlik zirvəsinə ucaldıqlarını vurğulayıblar.
20 Yanvar 1990 – 20 Yanvar 2021 tarixlərini əhatə edən, Qarabağın işğaldan azad olunmasını da özündə əks etdirən foto-slaydlar nümayiş olunub. Müxtəlif bölgələrdən olan şagirdlərin ifasında şeirlər səsləndirilib və bədii kompozisiya təqdim edilib. GAİM-in icraçı direktoru Rafiq Hümmət çıxış edən şagirdlərə müxtəlif adda kitablar hədiyyə edib.
Tədbir çərçivəsində yaradılmış guşəyə gül dəstələri düzülüb və şamlar yandırılıb.