İspaniyada 20 Yanvar faciəsinə həsr olunmuş vebinar təşkil edilib

22.01.2021

İspaniyada fəaliyyət göstərən Azərbaycan evinin təşəbbüsüylə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Virtual formatda baş tutan tədbirdə İspaniyanın müxtəlif regionlarında yaşayan soydaşlarımız iştirak ediblər. Anım mərasimi ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanıb.
Soydaşlarımız 31 il öncə baş vermiş dəhşətli gecənin canlı şahidi olduqlarını xatırladaraq, SSRİ rəhbərliyinin xalqımıza qarşı insanlığa zidd cinayət törətdiyini bildiriblər. Qanlı qətliamın xalqımızın iradəsini sındıra bilmədiyi, 1991-ci ilin oktyabrında dövlət müstəqilliyinin, 2020-ci ilin noyabrında isə ərazi bütövlüyümüzün bərpa edildiyi qeyd olunub.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.