"20 Yanvar faciəsi: tarixi və siyasi aspektləri" mövzusunda videokonfrans keçirilib

22.01.2021

Finlandiya, İsveç və Norveç Azərbaycanlıları Koordinasiya Şuralarının təşkilatçılığı ilə "20 Yanvar faciəsi: tarixi və siyasi aspektləri" mövzusunda videokonfrans keçirilib.
20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbirdə Koordinasiya Şuralarının Finlandiya, İsveç və Norveç üzrə əlaqələndiriciləri Ülviyyə Cabbarova, İradə Əliyeva Söderberg, Ramil Əliyev, İsveç, Norveç, Finlandiya, Türkiyə, Avstriya, Almaniya və Azərbaycandan soydaşlarımız iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb
Tədbirə dəvət olunan AMEA-nın aparıcı elmi işçisi, tarixçi-alim Firdovsiyyə Əhmədova 31 il öncə baş verənlərə ekskurs edərək, 20 Yanvar hadisələrinə gətirib çıxaran tarixi və siyasi aspektlərdən danışıb. M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin xalqımıza qarşı amansız hərbi cinayət törətdiyini, eyni zamanda 20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi, mətinlik günü olduğunu nəzərə çatdırıb.
Müzakirələr zamanı hadisələrin canlı şahidləri olan tədbir iştirakçıları həmin gecə və sonrakı günlərdə baş verənləri xatırladıblar. Tədbirdə 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymət verilməsi təşəbbüsü ilə çıxış etmək qərara alınıb.
Videokonfrans şəhidlərə həsr olunmuş musiqinin səsləndirilməsi ilə yekunlaşıb.