Samaradakı soydaşlarımız Qanlı Yanvarı ürək ağrısı ilə xatırladıqlarını bildiriblər
Samara vilayətinin Azərbaycanlılar Liqasının təşkilatçılığı ilə Samara şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Xalqlar Dostluğu Evində baş tutan tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Tədbirdə çıxış edənlər SSRİ rəhbərliyinin öz dinc vətəndaşlarına qarşı silah tətbiq etməsi nəticəsində baş vermiş dəhşətli hadisələri ürək ağrısı ilə xatırladıqlarını bildiriblər. 1990-cı il 20 yanvar səhərinin SSRİ vətəndaşları üçün "sovet qoşunları sovet şəhəri Bakıya hücum edib" xəbərindən başladığı, insanların yenidən "islam fundamentalizmi", "terrorizm", "silahlı döyüşçülər" kimi tanış bəhanələr eşitdikləri yada salınıb. Həmin anlarda isə Bakı şəhərinin meyitxanalarına sovet əsgərləri tərəfindən güllələnən şəhər sakinlərinin cəsədlərinin daşındığına, avtomatlı "islamçıların" isə yoxa çıxdığına diqqət cəlb olunub.
Tədbir iştirakçıları burmənalı şəkildə bildiriblər ki, məhz həmin gecə dinc əhalinin gülllələnməsi Sovet İttifaqının sonunun başlanğıcı olub.