Varşavada anım tədbiri keçirilib
Polşanın paytaxtı Varşava şəhərində fəaliyyət göstərən Azərbaycan evinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Azərbaycan evində yaradılmış guşədə 20 Yanvar hadisələrini özündə əks etdirən foto materiallar, kitablar nümayiş etdirilib, bu faciənin rəmzinə çevrilmiş qərənfillər düzülüb, şamlar yandırılıb.
Tədbir ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Sonra xalqımıza qarşı törədilmiş faciələrdən bəhs edən videoçarxlar nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin 20 Yanvar faciəsinə gətirib çıxaran yarıtmaz siyasətini və cinayətkar addımlarını pisləyiblər. Qeyd edilib ki, bu dəhşətli hadisə, eyni zamanda xalqımızın öz müstəqilliyi uğrunda canından keçməyə hazır olduğu gün kimi tarixə yazıldı.