Parisdə 20 Yanvar hadisələrinə həsr olunmuş virtual konsert təşkil edilib

22.01.2021

Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanında Daimi Nümayəndəliyinin və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş virtual konsert təşkil edilib.
Virtual konsertdə Azərbaycan diasporunun üzvləri Ceyhun Aydınoğlu (balaban) və Mahir İsmayılov (nağara) “Sarı gəlin, “Qarabağın maralı”, “Laçın”, Segah təsnifini, Fikrət Əmirovun “Kor ərəbin mahnısı” və Tofiq Quliyevin “Axşam mahnısı”nı ifa ediblər.
Konsert səfirliyin və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının facebook hesablarından canlı yayımlanıb.
Həmin gün Fransada davam edən karantin rejimi çərçivəsində Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, UNESKO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev, səfirliyin və daimi nümayəndəliyin əməkdaşları, diaspor təmsilçiləri Parisin Saint-Cloud qəbirstanlığında dəfn olunmuş Ə.Topçubaşovun, C.Hacıbəylinin və Paris Sülh konfransında iştirak etmiş digər soydaşlarımızın məzarlarını ziyarət ediblər.