Nyu-Yorkda anım mərasimi təşkil edilib

22.01.2021

Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həs olunmuş anım mərasimi keçirilib.
Azərbaycanlı icmasının qatıldığı tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər 31 il öncə SSRİ rəhbərliyinin xalqımıza qarşı törətdiyi qanlı qırğını insanlığa zidd terror aktı adlandırıblar.
Sonra Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin bəyanatı tədbir iştirakçılarına təqdim olunub. Bəyanatda bildirilib ki, SSRİ rəhbərliyi bütün qanunları pozaraq 1990-cı ildə xalqımızın ədalət, azadlıq və müstəqillik tələblərinə silah və tanklarla cavab verib. Lakin totalitar rejimin amansız repressiv siyasətinə baxmayaraq, xalqımız əzmkarlıq nümayiş etdirərək, dövlət müstəqilliyinin bərpa edilməsinə nail olub.
Tədbir şəhidlərin ruhuna duaların oxunması ilə yekunlaşıb.