Türkiyədə 20 Yanvar faciəsinə həsr olunmuş videokonfrans təşkil edilib

22.01.2021

"Karabakh is Azerbaijan!" Milli Platformasının Türkiyə üzrə Koordinatorluğunun, Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi (AGİH) və İstanbul Aydın Universitetinin Şərqi Asiya və Qafqazlar Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

Tədbirdə Milli Platformanın Türkiyə üzrə əlaqələndiricisi Elvin Abdurrahmanlı, İstanbul Arel Universitetinin müəllimi Səfa Tankişi, İstanbul Aydın Universitetinin Şərqi Asiya cə Qafqaz Mərkəzinin müdiri Kamil Nərimanoğlu, Türkiyənin sabiq mədəniyyət naziri Namiq Kamal Zeybək və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən E.Abdurrahmanlı və S.Tankişi SSRİ rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində 1988-ci ildən Qarabağ münaqişəsinin başladığı, xalqımıza birtərəfli və haqsız yanaşmanın 20 Yanvar hadisələrinə gətirib çıxardığı barədə ətraflı məlumat veriblər. Bu faciənin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini daha da gücləndirdiyi və 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyinin bərqərar olması ilə nəticələndiyi vurğulanıb. Həmin ağır günlərdə Türkiyə xalqının izdihamlı etiraz mitinqləri keçirməklə Azərbaycanı dəstəklədiyi yada salınıb. 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bu cinayətə etiraz səsini ucaldan və SSRİ rəhbərliyini xalqımıza qarşı cinayətdə ittiham edən görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Parlamentində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildiyi, həmin tarixin Ümummilli Hüzn Günü kimi qeyd edilməsinin rəsmiləşdirildiyi bildirilib.

Qeyd edək ki, "Karabakh is Azerbaijan!" Milli Platforması Diasporla İş üzrə Dövlət Komitəsində 9 iyun 2020-ci il tarixdə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, “Qarabağ Azərbaycandır!” ifadəsinin bütün dünyaya qəbul etdirilməsi, ölkəmizdə və xaricdə yaşayan azərbaycanlı gənclərin Vətənimizin təbliğ olunmasında mütəşəkkil şəkildə səfərbər edilməsi məqsədilə yaradılıb.