Londonda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar videokonfrans keçirilib

21.01.2021

Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan evi, Mədəniyyət və Dostluq Mərkəzinin təşəbbüsü ilə London şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar videokonfrans keçirilib.

Videokonfrans ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlayıb. Daha sonra 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.

Videokonfransda Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Millət vəkili, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycan evinin rəhbəri Əli Tekin Atalar, 20 Yanvar hadisələrinin canlı şahidi, antropoloq və etnoqraf Tamara Draqadze, britaniyalı tarixçi və siyasi analitik Patrik Vals, Britaniya–Azərbaycan İcmasının sədri Fəridə Pənahova və başqaları çıxış ediblər.

Natiqlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən danışıblar. Bu tarixin bir tərəfdən hüzn və faciə gətirdiyi, digər tərəfdən xalqımızın milli özünüdərkinə təkan verdiyi, müstəqil milli dövlətçilik düşüncələrini qətiləşdirdiyi vurğulanıb. Məhz 20 Yanvar faciəsindən sonra dönməz xarakter alan azadlıq mübarizəsinin 1991-ci ildə dövlət müstəqilliyimizin elan olunması ilə nəticələndiyi bildirilib.

Tədbirin sonunda Londonda yaşayan Əməkdar incəsənət xadimi, tarzən Rafiq Rüstəmov və skripka ifaçısı Nəzrin Rəşidova şəhidlərin xatirəsinə həsr olunmuş müsiqi kompozisiyalarını təqdim ediblər.