İsraildə 20 Yanvar faciəsinə həsr olunmuş videokonfrans təşkil edilib
"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş "Bakı küçələri ilə" adlı videokonfrans keçirilib.
Videokonfrans Assosiasiyanın nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın moderatorluğu ilə baş tutub. Tədbirdə 1980-ci illərin sonlarında SSRİ-də baş verən proseslər, 20 Yanvar faciəsinə gətirib çıxaran səbəblər barədə ətraflı məruzə ilə Azərbaycanda yaşayan tanınmış jurnalist və bloger Vyaçeslav Sapunov çıxış edib. Məruzəçi həmçinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şahidi olduğu hadisələri xatırladıb, hərbçi desantların Bakıda dinc sakinlərə qarşı törədilən qəddar cinayət haqqında yazışmalarını təqdim edib.
Videokonfransda İsraildə yaşayan tanınmış azərbaycanlı yazıçı Çingiz Hüseynov, Ukraynanın Jitomir vilayət şurasının deputatı Oleq Buryak, Almaniyada yaşayan "Bizim Bakı" saytının qurucusu İrina Rotte, Bakı şəhərinin tanınmış araşdırmaçısı Fuad Axundov və digərləri çıxış ediblər.
Natiqlər 20 Yanvar hadisəsi ilə bağlı fikirlərini bölüşüblər, faciənin günahsız qurbanları arasında müxtəlif millətlərin nümayəndələrinin olduğuna, hazırda onların qohumlarının İsraildə və digər ölkələrdə yaşadıqlarına diqqəti cəlb ediblər.
Tədbir zamanı Mixail Salmanın, Frida Yusufovanın və Aleksandr Aqranovskinin şeirləri səsləndirilib.