Belçikada yaşayan soydaşlarımız 20 Yanvar şəhidlərini yad ediblər

20.01.2021

Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Demirçinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Belçika və Niderlandda yaşayan diaspor fəallarımız, Azərbaycandan olan jurnalist və araşdırmaçılar iştirak ediblər.

Belçikada fəaliyyət göstərən jurnalist Hüseyin Dönmezin moderatorluğu ilə aparılan tədirdə Niderlandda yaşayan jurnalist Vüqar Abbasov, Belçika–Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü İlkin Hüseynzadə, Gent Türk Ocağının keçmiş rəhbəri Tuncer Sari, Azərbaycan–Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Demirçi, Azərbaycandan "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, araşdırmaçı Elnur Eltürk və jurnalist Vəfa Fərəc çıxış ediblər. Onlar ölkəmizin istiqlaliyyəti uğrunda mübarizənin rəmzinə çevrilən 20 Yanvar faciəsinə səbəb olan hadisələr, o zaman informasiya blokadasının yarılması, həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və faciəyə siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri barədə danışıblar. 20 Yanvar faciəsinin Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də xalqımızın iradəsinin sarsılmazlığını, mətinliyini göstərən qəhrəmanlıq salnaməsi olduğu vurğulanıb.