"Şəhidlərimiz müstəqilliyimizin təməlidir” mövzusunda vebinar təşkil edilib
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü "Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu"nun təşəbbüsü ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş "Şəhidlərimiz müstəqilliyimizin təməlidir” mövzusunda vebinar keçirilib.
Klubun rəhbəri Kəmalə Ceylinova və Klub üzvü Svetlana Osmanlının moderatorluğu ilə keçirilən virtual tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Tədbirdə Millət vəkilləri Ramin Məmmədov və Səbinə Xasayeva, İMZA Sosial İnkişafa Dəstək İctimai birliyinin Beynəlxalq və ictimai əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli, Abşeron rayon İcra hakimiyyətinin nümayəndəsi Elnur Fərzəliyev, Anadolu Universitetinin dosenti Yalçın Bay, Türkiyənin “Can Azərbaycan” media şirkətinin təsisçisi və rəhbəri Namiq Kamal Yıldırım, jurnalist, “Ülkem TV – İMY” direktoru Serdar Akyol, Bakı Türk Anadolu Liseyinin müdir müavini Meral Bahar çıxış ediblər.
Natiqlər 20 Yanvar qırğınının törədildiyi dəhşətli gecə ilə bağlı xatirələrini bölüşüblər, xalqımızın qanı və canı bahasına dövlət müstəqilliyinin əldə olunmasından, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən danışıblar. Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələrinin heç bir zaman unudulmayacağı və bu gün şəhidlərimizin ruhunun şad olduğu vurğulanıb.
Tədbir zamanı Niderland-Azərbaycan "Odlar Yurdu" Cəmiyyətinin sədri Firəngiz Bağırovanın bəstələdiyi "Şəhidlər" adlı musiqi kompozisiyası, Svetlana Osmanlının, o cümlədən Azərbaycandan olan şagirdlər Asim Pirimov və Zülfiyyə Həsənzadənin ifasında şəhidlərə ithaf olunmuş şeirlər səsləndirilib.