Ərəb mediasında 20 Yanvar hadisəsi ilə bağlı məqalə yayımlanıb
Misir, Əlcəzair və Səudiyyə Ərəbistanının kütləvi informasiya vasitələrində "Vətənpərvər" – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun "Azərbaycanda Yanvar hadisələri və Misirdə 1919 inqilabının oxşar cəhətləri" sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə 20 Yanvar faciəsinin tarixi, səbəb və məqsədləri barədə ətraflı məlumat verilib, sovet imperiyasının xalqımızın azadlıq əzmini sındıra bilmədiyi vurğulanıb. "31 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə qətlə yetirilib. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi".
Müəllif ərəb alimlərinin əsərlərinə istinadən 1919-cü ildə Misirdə baş verən inqilab zamanı ermənilərin xəyanət törətməsini, ikili standartlar baxımından 20 Yanvar faciəsini oxucuların diqqətinə çatdırıb. "Otuz il ərzində Qarabağda mədəni abidələrimizi məhv edən və məscidlərimizi təhqir edərək xarabaya döndərən ermənilərə etiraz etməyən UNESCO bu gün Qarabağda erməni irsinin qorunması adı altında mövqe sərgiləyir", - deyə müəllif ikili standartların hələ də davam etdiyini vurğulayıb.
20 Yanvar hadisələri zamanı misirli deputatların və ölkə mətbuatının Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi pisləməsi ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirilib.
Məqalə ilə bu linklərdə tanış olmaq mümkündür: https://alharir.info, https://garbnews.net, https://sotbaladna.com, https://www.elwathiqa.com, http://www.alwataneamag.com, http://wwnewss.com, https://nabd.com, http://embassiesnews.com.