Romada 20 Yanvar faciəsindən danışılıb
İtaliyada fəaliyyət göstərən Azərbaycan–İtaliya Birliyinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə hərs olunmuş onlayn formatlı anım mərasimi keçirilib.
Azərbaycan–İtaliya Birliyinin beynəlxalq əlaqələr departamentinin əməkdaşı Nəzrin Rəcəbovanın moderatorluğu ilə keçirilən vebinar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Roma Sapienza Universitetinin professoru və tədqiqatçı-alim Daniel Pommye, jurnalist-analitik Domeniko Letisiya, Azərbaycan–İtaliya Birliyinin vitse-prezidenti Cüzeppe Kanilya çıxış ediblər. Onlar 20 Yanvar faciəsinə aparan siyasi proseslər, Azərbaycanın məruz qaldığı ikili standartlar, sovet qoşun hissələrinin dinc və günahsız azərbaycanlıları qətlə yetirməsi və yaralaması, bu dəhşətli cinayətin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında və ona siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri barədə ətraflı danışıblar. Bildirilib ki, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsi, eyni zamanda xalqımızın müstəqillik əzminin güclənməsinə və qısa müddətdən sonra ölkəmizin dövlət müstəqilliyinin bərqərar olmasına gətirib çıxarıb.
Sonra Qara Yanvara həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbir Azərbaycan–İtaliya Birliyinin facebook səhifəsi üzərindən canlı yayımlanıb.