Kiyevdə 20 Yanvar faciəsinə həsr olunmuş videokonfrans keçirilib

20.01.2021

Ukraynada fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş videokonfrans təşkil edilib.

Natalya Kudryaşovanın moderatorluğu ilə baş tutan videokonfransda Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, Müslim Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Ukraynanın Xalq artisti Qurban Abbasov, T.Şevçenko adına Kiyev Milli Universitetinin dosenti Aleksandr Qalenko və başqaları çıxış ediblər.

Natiqlər birmənalı şəkildə bildiriblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunun qeyri-qanuni şəkildə və işğalçı ordu kimi Bakıya yeridilməsi, Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədilməsi, M.Qorbaçov başda olmaqla, sovet rəhbərliyinin yürütdüyü yarıtmaz və yolverilməz siyasətin nəticəsi olub. Qarabağ münaqişəsinə birtərəfli yanaşma, ermənilərin məkrli və əsassız şəkildə Azərbaycandan ərazi qoparmaq cəhdinin şirnikləndirilməsi milli-azadlıq hərəkatının geniş şəkildə vüsət almasına gətirib çıxarıb. Azərbaycanın müstəqillik qazanmasının qarşısını almaq, azadlıq arzusu ilə yaşayan digər respublikaları qorxutmaq məqsədilə M.Qorbaçov və onun dəstəsi Bakıda 20 Yanvar qırğınını törədib.

Ukraynalı natiqlər qeyd ediblər ki, Azərbaycan xalqı istər 20 Yanvar faciəsi, istərsə də 44 günlük Vətən müharibəsi zamanı torpaqlarını işğaldan azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi ilə bir çox ölkələrə və xalqlara nümunədir.

Tədbir zamanı 20 Yanvar faciəsini əks etdirən video və foto materiallar nümayiş olunub.