Misir kitabxanalarında Nizami Gəncəvi irsi ilə bağlı tədqiqat aparılacaq

19.01.2021

Misirin kitabxanalarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsi ilə bağlı yeni əlyazmaların tədqiqi davam etdiriləcək.

Bu barədə "Vətənpərvər" – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, Qahirə Universitetinin professoru, tədqiqatçı-alim Seymur Nəsirov məlumat verib. Bildirib ki, məhz aparılan tədqiqatların nəticəsində 2015-ci ildə dünyanın ən zəngin kitabxanalarından biri olan "Misir Kitablar Evi"ndə Nizami Gəncəvinin altı əlyazmadan ibarət “Xəmsə”si tapılıb. Bundan başqa, bir çox ərəb alimlərinin əsərlərində Şərq intibahının parlaq nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi, onun doğulduğu Gəncə şəhəri haqqında bəhs olunub.

Tədqiqatçı-alim qeyd edib ki, araşdırmalar zamanı bir neçə mənbədə ərəb şairlərinin də Nizamidən ilham aldıqları görünür və fars dilində yazıb-yaradan Nizaminin Azərbaycan şairi olması barədə ərəb dünyasında daha çox təbliğata ehtiyac duyulur.

“Hər hansı şairin əsərlərinin yazıldığı dil onun milli mənsubiyyətinin göstəricisi ola bilməz. Mən ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar haqqında araşdırma əsnasında yüzlərlə azərbaycanlı alimin adına rast gəldim. Onlar bütün əsərlərini yalnız ərəb dilində yazıblar. Ərəb alimləri onların azərbaycanlı olduğunu birmənalı şəkildə qəbul edirlər", - deyə S.Nəsirov vurğulayıb.

O, bildirib ki, bu mövzu ilə ətraflı tanış olmaq istəyənlər Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə ərəb dilində çap edilmiş “Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılığı” adlı kitaba müraciət edə bilərlər. Bu kitabda beş yüzə yaxın müxtəlif ərəb mənbələrindən toplanmış yüz azərbaycanlı alim və ədib haqqında materiallar təqdim edilib.