Xaricdə yaşayan soydaşlarımız Azərbaycan Prezidentinə minnətdarlıq edirlər

13.01.2021

44 günlük Vətən müharibəsində qazandığımız parlaq Zəfər münasibətilə xaricdə yaşayan soydaşlarımızdan Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

Almaniyanın Berlin şəhərindən Zaur Spivak, Türkiyənin İstanbul şəhərindən Aygün Attar və Cavid Çağlar, Ukraynanın Xarkov şəhərindən Fərman Əliyev tərəfindən ünvanlanan məktublarda Azərbaycan dövlətinin güclənməsi naminə həyata keçirdiyi bütün işlərə görə Prezidentə minnətdarlıq ifadə edilib.

"Həmin günlərdə biz – Vətəndən kənarda yaşayan azərbaycanlılar – Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi Azərbaycanlıların Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları Vətənin bu məsuliyyətli günlərində üzərimizə düşən vəzifəni dərk edərək, Azərbaycanın haqlı mübarizəsini, öz torpaqlarını işğaldan azad etmək haqqının olduğunu yaşadığımız ölkələrin, şəhərlərin müxtəlif orqanlarına çatdırmağa səy göstərdik, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavablar verdik", - deyə Z.Spivak vurğulayıb.

O, Azərbaycan diasporunun daim Prezidentin qayğı və diqqətini hiss etdiyini qeyd edib və buna görə dövlət başçımıza ayrıca təşəkkürünü bildirib: "Bu il “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı və təşəkkürnamə ilə təltif olunan soydaşlarımızın adları içərisində mənim də adımın olmasından qürur və fərəh hissi keçirdim. Bu, Sizin və dövlətimiz tərəfindən mənim fəaliyyətimə verilən yüksək qiymətdir. Cənab Prezident! Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, daim Vətənimizin yanında olaraq, ölkəmizin dünyada daha yaxşı təbliği və beynəlxalq aləmdə milli maraqlarımızın qorunması üçün əlimdən gələni edəcəyəm".

C.Çağlar isə Ermənistanın işğalına qarşı mübarizədə qazandığı Qələbə münasibətilə Azərbaycan Prezidentini alqışladığını yazıb: "Rəhbərliyiniz altında müzəffər Azərbaycan ordusunun uğuru bizi çox sevindirdi. Atanızın yaxın dostu olaraq Sizi və Azərbaycan xalqını təbrik edir, yeni ilinizin uğurlu olmasını arzu edirəm".

“Cənab Prezident, biz hər zaman Sizinləyik. Əmin olun ki, Vətəndən uzaq olsaq da, Azərbaycanın milli maraqları bizim üçün ən vacib məsələdir. Sizinlə və uğurlu siyasətinizlə qürur duyuruq. Dünya azərbaycanlıları ətrafınızda tək yumruq kimi birləşən Azərbaycan xalqı ilə birlikdə Sizin arxanızdadır” - deyə A.Attar qeyd edib.

Ukraynada yaşayan soydaşımız F.Əliyev isə qeyd edir ki: “Artıq bu gün Sizin rəhbərliyiniz altında Azərbaycan ordusu torpaqlarımızı düşməndən azad etdiyi üçün Sizə və Azərbaycan ordusuna minnətdaram”.