Mayami şəhərində Həmrəylik Günü və Zəfər bayramı qeyd olunub

07.01.2021

Florida ştatının Mayami şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və xalqımızın Zəfər bayramı münasibətilə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Floridada fəaliyyət göstərən Azərbaycan İcmasının təşkilatçılığı və Azərbaycan–Amerika Mədəniyyət Assosiasiyasının iştirakı ilə baş tutan tədbirdə 80 nəfərə yaxın soydaşımız və Türkiyənin Mayamidəki Baş konsulu Burç Ceylan iştirak ediblər.

Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Burç Ceylan görkəmli dövlət xadimi Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını xatırladaraq, parlaq Zəfər və həmrəylik günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib. Qarabağın hər zaman Azərbaycana məxsus olduğunu, Mayami şəhərində yerləşən Türkiyə Baş konsulluğunun binasında Azərbaycan və Türkiyənin dövlət bayraqlarının qoşa dalğalandığını və bu birliyin əbədi olacağını bildirib.

İcma izvləri qonaqlara Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa yaşatdığı Qarabağ sevincindən, Azərbaycan ordusunun şücaətindən bəhs ediblər. Tədbirin bədii hissəsində Minnisota ştatından dəvət olunan musiqiçilər Zaur Cəlilov və Leyla Cəlilova Azərbaycanı vəsf edən mahnılar ifa ediblər. Tədbirdə birlik və həmrəylik rəmzi olan "Yallı" rəqsi səsləndirilib.