Sanni Ayls Biç şəhərinin rəsmiləri soydaşlarımızı Həmrəylik günü münasibətilə təbrik edib

07.01.2021

Florida ştatının Mayami-Deyd əyalətinin Sanni Ayls Biç (Sunny İsles Beach) şəhərinin vitse-meri Larisa Sveçina, şəhər müvəkkilləri Dana Qoldman və Aleks Lama 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ABŞ-da və dünyada yaşayan soydaşlarımızı təbrik ediblər.

Azərbaycan icmasına ünvanlanan təbrik məktubunda Larisa Sveçina bildirib ki, Azərbaycanın öz suverenliyini qoruması və xalqını müdafiə etməsi ilə bağlı bu yaxınlarda əldə etdiyi uğurlara çox sevinir: "Azərbaycan xalqı həmişə mənə və ailəmə əziz olub. Sovet İttifaqından çıxan, ayrı-seçkiliyi görən, Azərbaycanın 1991-ci ildə Sovet İttifaqından qoparaq müstəqillik əldə etməsinin şahidi olan yəhudi immiqrant kimi özümü Azərbaycana çox bağlı hiss edirəm. Mərhum atam da hələ Sovet İttifaqında Azərbaycan xalqı ilə çox yaxın idi. Floridada çiçəklənən azərbaycanlı icmasının olduğunu bilsəydi, o da mənim kimi çox şad olardı. Ümumi tariximizi və ənənələrimizi nəzərə alaraq keçmiş sovet mühacirlərinin Azərbaycanı dəstəkləməsi olduqca mühümdür. Bütün ABŞ xalqının Azərbaycanın suverenliyi ilə həmrəy olması çox vacibdir".

Müvəkkil Aleks Lama öz məktubunda bildirib ki, Dağlıq Qarabağ münaqişəsini hər zaman narahatlıqla və kədərlə izləyib, amma sülh razılığının əldə olunması xəbərini eşidəndə sevinc hissi keçirib: "Mən dərin hüznlə qürurlu və gözəl Azərbaycan icmasına bu münaqişə zamanı həlak olan oğul və qızlarına görə başsağlığı verirəm. Mən sizi həm də sülhün bərqərar olması münasibətilə təbrik edirəm".

Müvəkkil Dana Qoldman da bu bayramın ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynadığını qeyd edib.
Məktublarda Azərbaycan xalqına və bütün dünya azərbaycanlılarına əbədi sülh, sevinc və rifah içində yaşamaq arzu edilir.