Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi Həmrəylik Günü ilə bağlı tədbir keçirib
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilən tədbirdə Marneuli rayonunun ucqar Xocorni kənd məktəbinin bir qrup müəllim və şagird heyəti iştirak edib. Qonaqları salamlayan, onları Azərbaycanın Zəfər bayramı, Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edən GAİM-in icraçı direktoru Rafiq Hümmət bildirib ki, qlobal pandemiya səbəbindən bayramları izdihamlı şəkildə keçirmək mümkün deyil. Qeyd edib ki, Gürcüstan vətəndaşları olaraq ölkədəki digər millətlərə şamil olunan bütün hüquqlara malik olsaq da, soydaşlarımızı heç vaxt unutmayan Azərbaycan Respublikası adlı milli dövlətimizin olması ilə qürur duyuruq. "Diasporla İş üzrə Dövlət Komitəsinin timsalında Azərbaycan dövlətinə təşəkkür edirəm ki, 44 günlük ağır müharibədən çıxmasına baxmayaraq, xaricdə yaşayan soydaşlarımızı unutmur, onlara əlindən gələn dəstəyi göstərir".
Tədbir zamanı Xocorni kənd məktəbinin şagirdləri Minavar və Elif İbadovalar, Tural Məmmədov, Şamil Nəbiyev, Gülüzar Nəbiyeva vətənə, millətə, Azərbaycan-Gürcüstan-Türkiyə dostluğuna həsr olunmuş şeirlər səsləndiriblər. Sonra məktəblilərə və müəllimlərə Yeni il hədiyyələri, mükafatlar, Azərbaycan və gürcü dillərində 4 adda 30-a yaxın kitab, Azərbaycanın Gürcüstandakı səfirliyinin hədiyyə etdiyi üçrəngli bayraqlarımız təqdim olunub.
Məktəb kollektivinin adından çıxış edən müəllimlər Anar Şərifov və Hüseyn Əbdürrəhmanov xalqımızı Zəfər bayramı münasibətilə təbrik ediblər, diqqət və qayğı üçün Azərbaycan dövlətinə və Prezidentinə dərin təşəkkürlərini bildiriblər: "Baxmayaraq ki, çox uzaqda yaşayırıq, hər zaman qəlbimiz Azərbaycanla döyünür. Azərbaycan dövlətinə, Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə təşəkkürümüzü bildiririk".