Həmrəylik gününüz və Yeni iliniz mübarək!
Əziz həmvətənlər!
Azərbaycan xalqının birliyini, həmrəyliyini təcəssüm etdirən 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi adından hər birinizi ürəkdən təbrik edir, sizə ən səmimi arzularımızı bildiririk.
Dünyanın müasir inkişaf mərhələsi ayrı-ayrı millətlərin tarixi rollarının müəyyən edilməsi ilə xarakterizə olunur. Bəşər tarixinə və mədəniyyətinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının yeni inkişaf dövrü birliyimizə əsaslanır. Bütün dünya azərbaycanlılarının ümid və güvənc yeri olan Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişaf edərək siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli dövlətə çevrilib. Bu gün xaricdə yaşayan soydaşlarımızla doğma Vətənimiz arasında sıx bağlılıqlar mövcuddur. Bizi dünyada güclü edən, haqq səsimizin eşidilməsinin başlıca amili də birliyimizdir. Müasir dünyamız milli kimlik şüuru əsasında daha sıx birləşməyin zəruri olduğunu göstərir.
Güclü lideri, yenilməz ordusu olan bir xalqın nümayəndəsi kimi Sizin hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2021-ci il münasibətilə bir daha ürəkdən təbrik edirik. Hər zamankından daha məğrur, daha qürurlu olduğumuz bu günlərdə bayram sevincinizə şərik olur, bundan sonra da harada yaşamağımızdan asılı olmayaraq birlik və həmrəylik nümayiş etdirməyimizi diləyirik! Hər birinizə can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq!