İsrailli uşaqlar Azərbaycan haqqında maraqlı təqdimatla çıxış ediblər

30.12.2020

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə "Azərbaycan gənc israillilərin gözü ilə" mövzusunda videokonfrans keçirilib.

Layihənin məqsədi israilli uşaqlara və gənclərə qardaş Azərbaycanı daha yaxından tanltmaqdır. Tədbirin məruzəçiləri qismində Tel-Əviv şəhərində yaşayan Kamilla və İnbar Malax ailəsinin övladları Şira, Daniel və Eytan seçilib.

Mərkəzin direktoru Yeganə Salmanın moderatorluğu ilə aparılan videokonfrans zamanı ibtidai məktəb şagirləri olan uşaqlar Azərbaycan haqqında maraqlı təqdimatla çıxış ediblər. Onlar Bakı Milli Parkı, Qız Qalası və qədim Qəbələ şəhərinin tarixi barədə ətraflı məlumat veriblər, valideynləri ilə birlikdə Azərbaycana səfər edərkən çəkdikləri şəkilləri nümayiş etdiriblər. Ölkəmizin turizm obyektlərini, əsrarəngiz təbiətini, milli mətbəx nümunələrini və beynəlxalq musiqi festivallarını əks etdirən videoçarx təqdim olunub.

Qeyd edək ki, ivrit dilində keçirilən videokonfrans izləyicilərdə böyük maraq doğurub. Virtual tədbirə İsrailin müxtəlif şəhərlərindən, eləcə də Bakı və Moskvadan çoxsaylı izləyici qatılıb.

Videokonfransı aşagıdakı linkdən izləmək mümkündür: https://youtu.be/of1yaMkL9lw