Bişkek şəhərində Həmrəylik Günü ilə bağlı tədbir keçirilib

30.12.2020

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

Qırğızıstan azərbaycanlılarının "Azəri" ictimai birliyi və "TÜRKEL-media"nın təşəbbüsilə baş tutan tədbirdə hökumətin, yerli ictimaiyyətin və diasporumuzun nümayəndələri iştirak ediblər. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Qırğızıstanın və Azərbaycanın Dövlət Himnlərinin səsləndirilməsilə başlayıb.

Tədbiri giriş sözü ilə açan "Azəri" ictimai birliyinin sədri, əməkdar hüquqşünas Əzizağa Əliyev soydaşlarımızı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbə və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün roluna və əhəmiyyətinə diqqəti cəlb edən Ə.Əliyev bu bayram ərəfəsində Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnaməsinə layiq görüldüyü üçün Azərbaycan Respublikasının Prezidentinə, Dövlət Komitəsinin rəhbərliyinə minnətdarlığını ifadə edib.

Tədbirdə Qırğızıstan baş nazirinin müavini Ravşan Sabirov, Qırğızıstan Xalqları Assambleyası Şurasının sədri, Qırğız Parlamentinin keçmiş rəhbəri, akademik Abdıqanı Erkebayev və müxtəlif diaspor təşkilatlarının rəhbərləri çıxış ediblər. Xalqımızı həmrəylik günü və böyük Qələbə münaibətilə təbrik edən natiqlər bildiriblər ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev böyük təcrübəyə və nüfuza malik dövlət xadimidir. "Xoşbəxt xalqsınız ki, belə lideriniz var", - deyə qonaqlar qeyd ediblər.

Tədbirdə Azərbaycan diasporunun fəal üzvləri Zemfira Qafarova (həkim), Flora Xəlilova (məktəb direktoru), Tamilla Hacıyeva (kitabxana müdiri) və Hökümə Xəlilova "TÜRKEL-media"nın prezidenti) "Xalqlar arasında dostluq, həmrəylik, birlik" fəaliyyətlərinə görə Qırğızıstan Xalqları Assambleyası tərəfindən medalla təltif olunublar.

Tədbir bədii proqramla davam etdirilib.