Estoniyada dostluq və həmrəylik konserti təşkil edilib
Tallin şəhərində xalqımızın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərə və Həmrəylik Gününə həsr edilmiş "Xalqların dostluq və həmrəylik konserti" adlı proqram təşkil edilib. Tədbir Estoniyada fəaliyyət göstərən Azərbaycan evinin təşkilatçılığı, Azərbaycan və Belarus cəmiyyətlərinin birgə əməkdaşlığı ilə gerçəkləşdirilib.
Paytaxtın əzəmətli və tarixi memarlıq abidələrindən biri hesab olunan Kadriorg Sarayında baş tutan tədbirdə Azərbaycanın və Belarusun Estoniyadakı səfirliklərinin, Estoniya Mədəniyyət Nazirliyinin, İnteqrasiya Fondunun rəsmi şəxsləri, müxtəlif icmaların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
İki saat davam edən konsertdə Estoniya Opera və Balet Teatrının solisti Olqa Zaytseva, Stokholm Royal Opera və Balet Teatrının solisti Dara Savinova və pianoçu Aleksandr Jankevits çıxış ediblər. Həmrəylik Günü münasibətilə D.Savinovanın Azərbaycan dilində ifası tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Tədbir ərzində tarixi ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı təbriklər, Azərbaycan və Belarus cəmiyyətlərinin birlik və həmrəylik çağırışları səslənib.
Qeyd edək ki, Azərbaycan evi bir müddət öncə dost xalqlarla əlaqələrin daha da möhkəmləndirilməsinə dair təşəbbüslə çıxış edərək Estoniyadakı digər cəmiyyətlərlə birgə dostluq və həmrəylik tədbirlərini həyata keçirməyə başlayıb.
Estoniya–Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev tədbir iştirakçılarına təşəkkürünü bildirib, onları qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Konsert tədbir iştirakçılarına və qonaqlara Azərbaycan evi tərəfindən hədiyyələrin təqdim edilməsi ilə yekunlaşıb.