Azərbaycan və Türkiyə diaspor təşkilatları xeyirxah missiyalarını davam etdirirlər
44 günlük Vətən müharibəsində ölkəmizin ədalətlii və haqlı mövqeyini dünya ictimaiyyətinə çatdıran, erməni lobbisinə və ermənipərəst qüvvələrə qarşı böyük birlik və həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə diaspor təşkilatları xeyirxah missiyalarını davam etdirməkdədirlər.
Belə təşkilatlardan biri də Belçika–Azərbaycan Dostluq Cəmiyyətidir. Təkcə bu il cəmiyyətin sədri Ayhan Dəmirçi və Gent Türk Ocaqlarının sabiq sədri Rəcəp Tuncer Sarının təşkilatçılığı ilə Azərbaycanda bir qrup qaçqın və məcburi köçkün ailələrinin məktəbli övladları üçün 120 ədəd ayaqqabı, 223 ədəd qış geyimləri göndərilib, eləcə də 110 aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.
Belçikanın Gent Universitetinin türk əsilli tələbələri isə Azərbaycanın Zəfəri münasibətilə xeyriyyə aksiyası təşkil ediblər. Aksiyanın təşkilatçılarından biri olan Zeynəb Yılmaz deyib ki, aksiyada tələbələrin bişirdikləri şirniyyatlar xeyriyyə məqsədilə satılıb, toplanan pullarla kəsilən 55 qurban Azərbaycanda müharibədən zərər çəkmiş, eləcə də aztəminatlı ailələrə və digər həssas qruplara paylanılıb.
"Bu aksiyanı keçirməkdə məqsədimiz odur ki, azərbaycanlı qardaşlarımız onların yanında olduğumuzu bilsinlər. Azərbaycanın Zəfəri bütün türklərin qürur duyduğu bir qələbədir. Azərbaycan torpaqlarının işğaldan azad olunması tarixi bir qələbədir və biz türkləri daha da birləşdirdi. Yaxın gələcəkdə biz azad olunmuş torpaqlarımıza səfər etməyi də düşünürük", - deyə Z.Yılmaz əlavə edib.
Z.Yılmaz bildirib ki, aksiyaları davam etdirmək niyyətindədirlər. Gələn ay belçikalı tələbələr adından Azərbaycandakı 100 şagirdə məktəb ləvazimatlarından ibarət hədiyyə bağlamaları göndəriləcək.
Qeyd edək ki, Belçikada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları vaxtaşırı Azərbaycanda sosial yönümlü layihələr həyata keçirir, müxtəlif xeyriyyə aksiyaları təşkil edirlər.