Qəhrəman həkimlərimizin Vətən müharibəsindəki fəaliyyəti müzakirə olunub
“Beyin qazanma” proqramı çərçivəsində “Vətən Müharibəsinin şəhid həkimlərinin xatirəsinə” həsr olunmuş videokonfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə baş tutan tədbirin keçirilməsində məqsəd qəhrəmanlıq göstərmiş həkimlərimizin fəaliyyətinə diqqəti cəlb etmək olub.
Müxtəlif ölkələrdə və Azərbaycanda yaşayan 60-a yaxın izləyicinin qatıldığı virtual tədbir Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsilə başlayıb.
Giriş sözü ilə videokonfransı açan Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Tibb Universitetinin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev və Çuxurova Universitetinin tibb fakültəsinin III kurs tələbəsi Orxan Əlizadə qonaqları salamlayıblar.
Cəbhə zonasında yaralı hərbçilərə tibbi yardım göstərən və onları həyata qaytarmağa çalışan həkimlərin bir qrupu – anastezioloq Elçin Yahyayev (Türkiyə), Ailə həkimi Fəhri Сəbrayıloğlu (Türkiyə), qulaq-burun-boğaz həkimi Bəhruz Əhmədov (Türkiyə), ağız, üz-çənə cərrahı, tibb üzrə fəlsəfə doktoru Hüseyn Hüseynzadə (Azərbaycan), feldşer Anar Talıbov (Azərbaycan), revmatoloq-mütəxəssis, tibb xidməti kapitanı Məğrur Məmmədov (Türkiyə), cərrah Nizami Çələbiyev (Türkiyə), uşaq cərrahı Cəlal Həsənov (Türkiyə), pediatr Dinar Baxışov (Azərbaycan) və Çuxurova Universitetinin tibb fakültəsinin III kurs tələbəsi Orxan Əlizadə (Türkiyə), ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev, ATU-nun ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov, ATU-nun III cərrahi xəstəliklər kafedrasının asistenti, Tədris Cərrahiyyə Klinikasının plastik cərrahiyyə şöbəsinin müdiri Mirsaleh Abdullayev, ATU-nun Tədris Cərrahiyyə Klinikasının transplantologiya şöbəsinin müdiri Anar Namazov, ATU-nun urologiya kafedrasının asistenti, Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsinin müdiri Fikrət Əhmədov cıxış ediblər. Onlar Vətən müharibəsinin təsiredici anları ilə bağlı xatirələrini bölüşüb və şəhid olan həmkarları barədə danışıblar.
Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Məsud Aşına çıxışı zamanı Azərbaycanda və xaricdə yaşayan həkimlərlə əməkdaşlığın qurulmasına dair təkliflər irəli sürüb.
Videokonfrans https://www.facebook.com/braingain ünvanı üzərindən canlı yayımlanıb.