Rusiyadakı soydaşlarımız dövlətimizin yanındadır: 44 gündə 1,6 milyon manatlıq dəstək göstərilib
Xaricdə yaşayan soydaşlarımız 44 günlük Vətən müharibəsində dövlətimizə, ordumuza, qəhrəmancasına həlak olan şəhidlərimizin ailə üzvlərinə və yaralı hərbi qulluqçularımıza dəstək aksiyalarını davam etdirirlər.
Digər ölkələrdə olduğu kimi, Rusiyada yaşayan soydaşlarımız da bu işdə xüsusi fəallıq göstərməkdədirlər. Soydaşlarımız Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də birbaşa şəhid ailələri və qazilərə yardım ediblər. Yalnız 44 günlük Vətən müharibəsi dövründə Rusiyada yaşayan soydaşlarımız tərəfindən ölkəmizə 1,6 milyon manat (müxtəlif valyutalar üzrə: 1.470.779,74 AZN, 5492 ABŞ dolları, 5.046.764 rubl) məbləğində dəstək göstərilib.
Bundan başqa, soydaşlarımızın təşəbbüsü ilə yaralı və əlil qazilərimiz üçün Rusiyadan Azərbaycana 2 ədəd Dermatom cərrahi aparatı və onun əlavə ehtiyat hissələrindən ibarət dəst, 92 ədəd İlizarov aparatı göndərilib. Rusiyada yaşayan soydaşlarımız tərəfindən alınmş 566 ədəd əlil arabası isə yaxın günlərdə Bakıya çatdırılacaqdır.
Qeyd edək ki, qəlbi hər zaman tarixi vətənləri ilə döyünən xaricdəki soydaşlarımız 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan diasporunun güclü fəaliyyətini, misilsiz birlik və yekdilliyini bütün dünyaya nümayiş etdirdilər. Sistemli və mütəşəkkil şəkildə fəaliyyət göstərən diasporumuz birmənalı olaraq Azərbaycan dövlətinin yanında olduğunu bir daha dünya ictimaiyyətinə bəyan etdi.
Diasporla İş üzrə Dövlət Komitəsi nümayiş etdirdikləri birlik və mütəşəkkilliyə, dövlətimizə göstərdikləri maddi-texniki dəstəyə görə soydaşlarımıza minnətdarlığını bildirir.